Aralık 2012

Sənin doğum günün

Biz doğulmağa peşmanıq
Doğum günün necə keçdi?
Sürünüb, yaşayanlarıq
Doğum günün necə keçdi?
. . .
Kişilər gedib dərinə
Rusiyanın çöllərinə
Arvad həsrətdi ərinə
Doğum günün necə keçdi?
. . .
Bu səhnəyə ürək sızlar
Geniş dünya,bizlərə dar
Zindanlarda günahsızlar
Doğum günün necə keçdi?
. . .
Ölkə, rüşvət fırtınası
Hər gün bir gəncimin yası
Ağlayır, əsgər anası
Doğum günün necə keçdi?
. . .
Xalq əzabı eləyib nuş
Dərd milləti edib sərxoş
Bayram gəlir, süfrələr boş
Doğum günün necə keçdi?
. . .
Haqqa doğru yol gedirik
Şeytan edir maneçilik
Biz DƏRD günün qeyd edirik
Doğum günün necə keçdi?

Nigar Yaqubluya

Sənin o zindana düşmə səbəbin
Köləlik örtüyün atmağın oldu
Maşın sükanını tutmağın deyil,
Azadlıq sükanın tutmağın oldu .
. . .  
Bu gün bu ölkədə,bu məmləkətdə
Nə qədər insanın vicdanı söndü
Özünə kişiyəm deyən neçəsi
Qadın qarşısında tülküyə döndü
. . .
Aslan donu geymiş tülkücüklərə
Ləyaqət,cəsarət dərsi dedin sən
Pula,vəzifəyə qul olanlara
Qadın qürurunla zülm eləmisən
. . .
Səni azadlıqdan məhrum etdilər
Vicdanı ömürlük həbs olunanlar
Allahın,bəndənin,bəşəriyyətin
Əbədi lənətin qazandı onlar
. . .
Sən o dörd divarda tənha deyilsən
Vicdanın,mənliyin,ləyaqətin var
Milyonluq villada,haram yeyənlər
Sən qazandığını,qazanmayıblar
. . .
Səni sarsıltmasın,səni üzməsin
Bu qorxaq rejimin, haqsız davası
Şərəfli yolunu bağlaya bilməz
Üzünə çırpılan zindan qapısı
. . .
Bizi qorxutmayır haqsız qərarlar
Bizim sərvətimiz vicdanımızdı
Haqq öz qələbəsin qazanmayınca
O, zindan yeganə ünvanımızdı.

Yapçı olmaq istəyirəm

Maaşı 10 manat qaldırmaq üçün
Yapçı olmaq istəyirəm a millət
Gənc qızı zindana saldırmaq üçün
Yapçı olmaq istəyirəm a millət
. . .
Tənqid eləyəni,söydürmək üçün
Azadlıq deyəni,döydürmək üçün
Polad iradəni əydirmək üçün
Yapçı olmaq istəyirəm a millət
. . .
Xalqı öz elindən eləyəm sürgün
Bütün varlığımla sərvətə düşgün
Təriflətmək üçün özümü hər gün
Yapçı olmaq istəyirəm a millət
. . .
Sosial yardımdan cibim enlənər
Uşaqpulundan məhrumdu körpələr
Tikə bilmək üçün uçan körpülər
Yapçı olmaq istəyirəm a millət
. . .
Müxalif fikiri boğmaqdan ötrü
Neft pulun cibimə sağmaqdan ötrü
Seçilməmiş deputat olmaqdan ötrü
Yapçı olmaq istəyirəm a millət
. . .
Saymaqla qurtarmaz "pak" arzularım
Oğurlanmış kürsü yeganə yarım
Məni bihuş edir YAP xəyallarım
Yapçı olmaq istəyirəm a millət

Daha Yeni Kayıtlar Önceki Kayıtlar