İnkişafmış bilməmişəm

Haqlını zindana salmaq
İnkişafmış bilməmişəm
Dollarla deputat olmaq
İnkişafmış bilməmişəm
. . .
Kimsə çəkməz bu zülümü
İçim,gəmirir çölümü
Gündə bir əsgər ölümü
İnkişafmış bilməmişəm
. . .
Bütün dillər olubdu lal
Oğruya çəkilir sığal
İmtahanda 150 bal
İnkişafmış bilməmişəm
. . .
Rihannanın dik sinəsi
Şakiranın zənguləsi
Ceniferin yan hissəsi
İnkişafmış bilməmişəm
. .
Dincəl qoca millət dincəl
Ayaq getmir,tutulub əl
Rekord sayda muzey,heykəl
İnkişafmış bilməmişəm
. . .
Arzular yük olub cana
Hərə üz tutub bir yana
Xəstə qaçırsa İrana
İnkişafmış bilməmişəm
. .
Necə deməyim bunları
Orta ömür olub yarı
On minlik qul bazarları
İnkişafmış bilməmişəm
. . .
Ölkə olub alqı-satqı
Azad sözə yekə basqı
Doxsan manat əmək haqqı
İnkişafmış bilməmişəm
. . .
Ziyalısı olub yaltaq
Qəhrəmanı olub qorxaq
20 faiz girov torpaq
İnkişafmış bilməmişəm
. .
Bölünüb millətin payı
Div kəsibdi axan çayı
Doğuşdan çox abort sayı
İnkişafmış bilməmişəm
. .
Hakimin puç ədaləti
Həkimin pulla xidməti
Məmurun vampir xisləti
İnkişafmış bilməmişəm
. .
Rüşvəti xitə çevirmək
Əsgəri bitə çevirmək
Polisi itə çevirmək
İnkişafmış bilməmişəm
. .
Hər şey olub açıq-aşkar
Görən kordur,eşidən kar
Hər il yüzlərlə intihar
İnkişafmış bilməmişəm
. .
Çoxdur cavabsız suallar
Yanına düşübdü qollar
Tikilməmiş,uçan yollar
İnkişafmış bilməmişəm
. .
Kasıb qoyun kimi mələr
Mədəsin qarnına bələr
Ali təhsilli fəhlələr
İnkişafmış bilməmişəm
. .
Yetimin durub ürəyi
Adam var tapmır çörəyi
Ən uca bayraq dirəyi
İnkişafmış bilməmişəm
. .
Şirintək yedik acını
Unutduq doğma,yaxını
Xaricə kişi axını
İnkişafmış bilməmişəm
. .
Haram yolla şahlıq qurmaq
Halalın boynunu vurmaq
Kasıbın evin uçurmaq
İnkişafmış bilməmişəm
. .
Sərvətin üstünə yatmaq
Millətin başına çıxmaq
Avropada kürü satmaq
İnkişafmış bilməmişəm

Sonraki Kayıt Önceki Kayıt

Leave a Reply