Namizədin vahidi

Orta məktəbdə oxuyanda fizika fənnini çox sevirdim. Öyrənmişdik ki, qüvvənin vahidi-nyuton,gərginliyin vahidi-volt,cəryan şiddətinin vahidi-amperdir.
Sonralar, hər şeydə vahid axtarırdım. Düşünürdüm ki,sevginin vahidi-ürək,quldurluğun vahidi-alçalmaq,ailənin vahidi-səmimiyyətdi.
Qarşıdan prezident seçkiləri gəlir.Bütün cəmiyyət,müxalifətin vahid namizədlə seçkiyə getməsini arzulayır.Səmimi,mübariz bir koalisiya yaradaqraq rejimi çökdürməyin mümkünlüyünü hər kəs dərk edir.Bəs vahid namizəd kim olmalıdır.
Bəlkə, bu namizədin də bir VAHİDİ olmalıdı?
Bəli olmalıdı.bəs bu namizədin VAHİDİ nə olmalıdı?
Bu gün ölkədəki avtoritar rejimə qalib gəlib,bu xalqı işıqlı gələcəyə qovuşdura biləcək namizədin VAHİDİ-səmimiyyət,şəxsi mənafedən imtina,yalnız ümumxalq maraqlarına iddia,prezident olmağın əsas olmadığını sübut etmə olmalıdı.
Seçkilrə qədər bu VAHİD özünü kimdəsə göstərəcək.Həmin şəxs öz fəaliyyəti,təklifl,partiya üzvlərinin sərgilədiyi fərdi nümunə və.s sayəsində Vahid olduğunu isbat edəcək və buna məhkumdu.
Namizədin VAHİDİ ola biləcək insanın sona qədər yanındayıq.

5 qəpik

Gözümüz şərə öyrəşdi
Gözünü qəpik doyursun
Beş qəpikdən pul yığırıq
Kasıb məmurlar buyursun.
. . .
Qəpik, üzünüz tək qara
Yığanların qəlbi yara
Pulları çatdıraq hara?
Hara lazımdı qoyulsun?
. . .
Beş-beş sədəqə götürək
Qoy beş qəpikdə itirək
Mili Məclisə gətirək?
Vəkillər növbəyə dursun.
. . .
Beş qəpiklər ağırlaşır
Səbətlər də dolub,daşır
Bu rejimə,bu yaraşır
Getsin,qada-bəlam olsun

Mənə vətəndaşım demə...

İnnən belə məni sevmə
İndiyədək sevməmisən
Sevməməklə nə etdin ki,
Sevməyinlə nə edəsən.
. . .
Mənə vətəndaşım demə
Vətən düşür gözlərimdən
Sən vətənin oğrususan
Tanıyıram izlərindən
. . .
Mən səndən ədalət umdum
Sən, əsgər meyidi verdin
Mən öz dərdimdə yuyundum
Sən,sərvətim ilə çimdin
. . .
Biz əzablarla doymuşuq
Sən,canımızı yemisən
Biz sənə nöqtə qoymuşuq
Sənsə vergül eləmisən...

Sənin doğum günün

Biz doğulmağa peşmanıq
Doğum günün necə keçdi?
Sürünüb, yaşayanlarıq
Doğum günün necə keçdi?
. . .
Kişilər gedib dərinə
Rusiyanın çöllərinə
Arvad həsrətdi ərinə
Doğum günün necə keçdi?
. . .
Bu səhnəyə ürək sızlar
Geniş dünya,bizlərə dar
Zindanlarda günahsızlar
Doğum günün necə keçdi?
. . .
Ölkə, rüşvət fırtınası
Hər gün bir gəncimin yası
Ağlayır, əsgər anası
Doğum günün necə keçdi?
. . .
Xalq əzabı eləyib nuş
Dərd milləti edib sərxoş
Bayram gəlir, süfrələr boş
Doğum günün necə keçdi?
. . .
Haqqa doğru yol gedirik
Şeytan edir maneçilik
Biz DƏRD günün qeyd edirik
Doğum günün necə keçdi?

Nigar Yaqubluya

Sənin o zindana düşmə səbəbin
Köləlik örtüyün atmağın oldu
Maşın sükanını tutmağın deyil,
Azadlıq sükanın tutmağın oldu .
. . .  
Bu gün bu ölkədə,bu məmləkətdə
Nə qədər insanın vicdanı söndü
Özünə kişiyəm deyən neçəsi
Qadın qarşısında tülküyə döndü
. . .
Aslan donu geymiş tülkücüklərə
Ləyaqət,cəsarət dərsi dedin sən
Pula,vəzifəyə qul olanlara
Qadın qürurunla zülm eləmisən
. . .
Səni azadlıqdan məhrum etdilər
Vicdanı ömürlük həbs olunanlar
Allahın,bəndənin,bəşəriyyətin
Əbədi lənətin qazandı onlar
. . .
Sən o dörd divarda tənha deyilsən
Vicdanın,mənliyin,ləyaqətin var
Milyonluq villada,haram yeyənlər
Sən qazandığını,qazanmayıblar
. . .
Səni sarsıltmasın,səni üzməsin
Bu qorxaq rejimin, haqsız davası
Şərəfli yolunu bağlaya bilməz
Üzünə çırpılan zindan qapısı
. . .
Bizi qorxutmayır haqsız qərarlar
Bizim sərvətimiz vicdanımızdı
Haqq öz qələbəsin qazanmayınca
O, zindan yeganə ünvanımızdı.

Yapçı olmaq istəyirəm

Maaşı 10 manat qaldırmaq üçün
Yapçı olmaq istəyirəm a millət
Gənc qızı zindana saldırmaq üçün
Yapçı olmaq istəyirəm a millət
. . .
Tənqid eləyəni,söydürmək üçün
Azadlıq deyəni,döydürmək üçün
Polad iradəni əydirmək üçün
Yapçı olmaq istəyirəm a millət
. . .
Xalqı öz elindən eləyəm sürgün
Bütün varlığımla sərvətə düşgün
Təriflətmək üçün özümü hər gün
Yapçı olmaq istəyirəm a millət
. . .
Sosial yardımdan cibim enlənər
Uşaqpulundan məhrumdu körpələr
Tikə bilmək üçün uçan körpülər
Yapçı olmaq istəyirəm a millət
. . .
Müxalif fikiri boğmaqdan ötrü
Neft pulun cibimə sağmaqdan ötrü
Seçilməmiş deputat olmaqdan ötrü
Yapçı olmaq istəyirəm a millət
. . .
Saymaqla qurtarmaz "pak" arzularım
Oğurlanmış kürsü yeganə yarım
Məni bihuş edir YAP xəyallarım
Yapçı olmaq istəyirəm a millət

Var

Dünyada "çiçəklənən" Azərbaycan ölkəsi var
Ölkənin hər yerində bu cür yazı lövhəsi var
. . .
Bir çıxıb seyr eləyin Azərbaycan ölkəsini
Baxın insanların üzündə həyat çöhrəsi var
. . .
Uğurlu siyasəti həddən aşır hökmətimin
Təhsili ali olan gör nə qədər fəhləsi var
. . .
Müğənni,bəstəkarı əməkdar riyakar olub
Ulu öndər adıyla xeyli sayda bəstəsi var
. . .
İmtahan vaxtı girib təhsilimə eylə nəzər
Elmdən yoxdur əsər,yaxşı bazar səhnəsi var
. . .
Sülhün danışıqları davam eyləyir camaat
"Lazım olsa torpağı biz alarıq" kəlməsi var
. . .
Hakimiyyət, orduya ayrı cürə diqqət edir
Əsgərin qətlinə xidmət edən atəşkəsi var
. . .
Saxtakarlıqla qurulmuş,yekə bir səltənətin
İfşa olub,təməlindən dağılıb,çökməsi var
. . .
Bəsdir İlham,ağlına hər gələni qeyd eləmə
KQB padvalının,hər sözə öz töhfəsi var.

Daha Yeni Kayıtlar Önceki Kayıtlar