Bizim peykimiz

Uçdu göylərə bizim peykimiz
Göylərə doğru yol gedirik biz
Ey acından uçan saf millətimiz
Başsağlığı verim, ya təbrik edim?
. . .
Qoy, olsun təhsilin qanadı qırıq
Qoy, olsun yetimin paltarı cırıq
Gündən-günə artır ölkəmdə buruq
Başsağlığı verim, ya təbrik edim?
. . .
Bihudə qocaldıq uçdu arzular
Bir arzu elədim, həbsə atdılar
Amma ki, səmada bir peykimiz var
Başsağlığı verim ya təbrik edim?
. . .
Milləti basdırıb yerin dibinə
Sərvəti komaynan qoyub cibinə
Ey xalq peykin qalxıb göyün üzünə
Başsağlığı verim,ya təbrik edim?

13 gün

Dostlarımızın həyatından 13 gün oğurlayanlar, elə düşünməsinlər ki, özlərindən oğurlanmayıb.Əbülfəz,Türkel,Dəyanət və digərləri bu 13 günü şərəf tarixi kimi yaşayacaq. Çünki onlar 13 günlük cəzanı,kiminsə əmlakın oğurladıqları üçün,kiməsə zərər yetirdikləri üçün,narkotika qəbul etdikləri üçün yox,həqiqəti dedikləri.hüquqları uğrunda mübarizə apardıqları,ümumxalq maraqlarına xidmət etdikləri üçün həbs olunub.Amma onları həbs elətdirənlər isə ən böyük dəyəri oğurladıblar.Onlar, mənliklərini,l əyaqətlərini,ruhlarını bir kağız parçasına,pula oğurladıblar.Onlar vicdanlarını,qorxularına həbs elətdiriblər.Əbülfəz Qurbanlı nə qədər qalstuklu yaltaqları,vəzifəli qorxaqları öz varlığı ilə qurban eləyib.Dəyanət isə,rejimin Azadlıq qorxusuna çevrilib.Yəni,bu rejimin mahiyyətin anlamaq üçün bu mübariz gənclərin nəyə görə həbs olunduğunu bilmək kifayətdi.Artıq bu olkədə nəinki həbsxanalardan qorxurlar,əksinə ləyaqətli insanların ünvanı olduğu üçün həbsxanalara rəğbət bəsləyirlər.Haram pullarla tikilmiş villalara yox,Əbülfəz kimi mübariz insanların gecələdiyi həbsxana köşələrinə daha çox can atır insanlar.Həyatında 13 gün kişi kimi yaşaya bilməyənlər,həyatının hər anını kişi kimi yaşamağa həsr edənlərdən qisas alırlar.Bu 13 gün bitəcək.dostlarımız azad olacaq.Amma sizlər ömürlük məhkumsunuz. Çünki kölələrin,azadlıq günü olmur.

Namizədin vahidi

Orta məktəbdə oxuyanda fizika fənnini çox sevirdim. Öyrənmişdik ki, qüvvənin vahidi-nyuton,gərginliyin vahidi-volt,cəryan şiddətinin vahidi-amperdir.
Sonralar, hər şeydə vahid axtarırdım. Düşünürdüm ki,sevginin vahidi-ürək,quldurluğun vahidi-alçalmaq,ailənin vahidi-səmimiyyətdi.
Qarşıdan prezident seçkiləri gəlir.Bütün cəmiyyət,müxalifətin vahid namizədlə seçkiyə getməsini arzulayır.Səmimi,mübariz bir koalisiya yaradaqraq rejimi çökdürməyin mümkünlüyünü hər kəs dərk edir.Bəs vahid namizəd kim olmalıdır.
Bəlkə, bu namizədin də bir VAHİDİ olmalıdı?
Bəli olmalıdı.bəs bu namizədin VAHİDİ nə olmalıdı?
Bu gün ölkədəki avtoritar rejimə qalib gəlib,bu xalqı işıqlı gələcəyə qovuşdura biləcək namizədin VAHİDİ-səmimiyyət,şəxsi mənafedən imtina,yalnız ümumxalq maraqlarına iddia,prezident olmağın əsas olmadığını sübut etmə olmalıdı.
Seçkilrə qədər bu VAHİD özünü kimdəsə göstərəcək.Həmin şəxs öz fəaliyyəti,təklifl,partiya üzvlərinin sərgilədiyi fərdi nümunə və.s sayəsində Vahid olduğunu isbat edəcək və buna məhkumdu.
Namizədin VAHİDİ ola biləcək insanın sona qədər yanındayıq.

5 qəpik

Gözümüz şərə öyrəşdi
Gözünü qəpik doyursun
Beş qəpikdən pul yığırıq
Kasıb məmurlar buyursun.
. . .
Qəpik, üzünüz tək qara
Yığanların qəlbi yara
Pulları çatdıraq hara?
Hara lazımdı qoyulsun?
. . .
Beş-beş sədəqə götürək
Qoy beş qəpikdə itirək
Mili Məclisə gətirək?
Vəkillər növbəyə dursun.
. . .
Beş qəpiklər ağırlaşır
Səbətlər də dolub,daşır
Bu rejimə,bu yaraşır
Getsin,qada-bəlam olsun

Mənə vətəndaşım demə...

İnnən belə məni sevmə
İndiyədək sevməmisən
Sevməməklə nə etdin ki,
Sevməyinlə nə edəsən.
. . .
Mənə vətəndaşım demə
Vətən düşür gözlərimdən
Sən vətənin oğrususan
Tanıyıram izlərindən
. . .
Mən səndən ədalət umdum
Sən, əsgər meyidi verdin
Mən öz dərdimdə yuyundum
Sən,sərvətim ilə çimdin
. . .
Biz əzablarla doymuşuq
Sən,canımızı yemisən
Biz sənə nöqtə qoymuşuq
Sənsə vergül eləmisən...

Sənin doğum günün

Biz doğulmağa peşmanıq
Doğum günün necə keçdi?
Sürünüb, yaşayanlarıq
Doğum günün necə keçdi?
. . .
Kişilər gedib dərinə
Rusiyanın çöllərinə
Arvad həsrətdi ərinə
Doğum günün necə keçdi?
. . .
Bu səhnəyə ürək sızlar
Geniş dünya,bizlərə dar
Zindanlarda günahsızlar
Doğum günün necə keçdi?
. . .
Ölkə, rüşvət fırtınası
Hər gün bir gəncimin yası
Ağlayır, əsgər anası
Doğum günün necə keçdi?
. . .
Xalq əzabı eləyib nuş
Dərd milləti edib sərxoş
Bayram gəlir, süfrələr boş
Doğum günün necə keçdi?
. . .
Haqqa doğru yol gedirik
Şeytan edir maneçilik
Biz DƏRD günün qeyd edirik
Doğum günün necə keçdi?

Nigar Yaqubluya

Sənin o zindana düşmə səbəbin
Köləlik örtüyün atmağın oldu
Maşın sükanını tutmağın deyil,
Azadlıq sükanın tutmağın oldu .
. . .  
Bu gün bu ölkədə,bu məmləkətdə
Nə qədər insanın vicdanı söndü
Özünə kişiyəm deyən neçəsi
Qadın qarşısında tülküyə döndü
. . .
Aslan donu geymiş tülkücüklərə
Ləyaqət,cəsarət dərsi dedin sən
Pula,vəzifəyə qul olanlara
Qadın qürurunla zülm eləmisən
. . .
Səni azadlıqdan məhrum etdilər
Vicdanı ömürlük həbs olunanlar
Allahın,bəndənin,bəşəriyyətin
Əbədi lənətin qazandı onlar
. . .
Sən o dörd divarda tənha deyilsən
Vicdanın,mənliyin,ləyaqətin var
Milyonluq villada,haram yeyənlər
Sən qazandığını,qazanmayıblar
. . .
Səni sarsıltmasın,səni üzməsin
Bu qorxaq rejimin, haqsız davası
Şərəfli yolunu bağlaya bilməz
Üzünə çırpılan zindan qapısı
. . .
Bizi qorxutmayır haqsız qərarlar
Bizim sərvətimiz vicdanımızdı
Haqq öz qələbəsin qazanmayınca
O, zindan yeganə ünvanımızdı.

Yapçı olmaq istəyirəm

Maaşı 10 manat qaldırmaq üçün
Yapçı olmaq istəyirəm a millət
Gənc qızı zindana saldırmaq üçün
Yapçı olmaq istəyirəm a millət
. . .
Tənqid eləyəni,söydürmək üçün
Azadlıq deyəni,döydürmək üçün
Polad iradəni əydirmək üçün
Yapçı olmaq istəyirəm a millət
. . .
Xalqı öz elindən eləyəm sürgün
Bütün varlığımla sərvətə düşgün
Təriflətmək üçün özümü hər gün
Yapçı olmaq istəyirəm a millət
. . .
Sosial yardımdan cibim enlənər
Uşaqpulundan məhrumdu körpələr
Tikə bilmək üçün uçan körpülər
Yapçı olmaq istəyirəm a millət
. . .
Müxalif fikiri boğmaqdan ötrü
Neft pulun cibimə sağmaqdan ötrü
Seçilməmiş deputat olmaqdan ötrü
Yapçı olmaq istəyirəm a millət
. . .
Saymaqla qurtarmaz "pak" arzularım
Oğurlanmış kürsü yeganə yarım
Məni bihuş edir YAP xəyallarım
Yapçı olmaq istəyirəm a millət

Var

Dünyada "çiçəklənən" Azərbaycan ölkəsi var
Ölkənin hər yerində bu cür yazı lövhəsi var
. . .
Bir çıxıb seyr eləyin Azərbaycan ölkəsini
Baxın insanların üzündə həyat çöhrəsi var
. . .
Uğurlu siyasəti həddən aşır hökmətimin
Təhsili ali olan gör nə qədər fəhləsi var
. . .
Müğənni,bəstəkarı əməkdar riyakar olub
Ulu öndər adıyla xeyli sayda bəstəsi var
. . .
İmtahan vaxtı girib təhsilimə eylə nəzər
Elmdən yoxdur əsər,yaxşı bazar səhnəsi var
. . .
Sülhün danışıqları davam eyləyir camaat
"Lazım olsa torpağı biz alarıq" kəlməsi var
. . .
Hakimiyyət, orduya ayrı cürə diqqət edir
Əsgərin qətlinə xidmət edən atəşkəsi var
. . .
Saxtakarlıqla qurulmuş,yekə bir səltənətin
İfşa olub,təməlindən dağılıb,çökməsi var
. . .
Bəsdir İlham,ağlına hər gələni qeyd eləmə
KQB padvalının,hər sözə öz töhfəsi var.

Sevirəm demək istədim

Mən zülmət gecənin qaranlığında
Mən ay işığının toranlığında
Sənə sevirəm demək istədim
Səni yad baxışlara qısqanan zaman
Leysan yağış bizi isladan zaman
Sənə sevirəm demək istədim
Mən sənə hər dəfə toyda,nişanda
Mən sənə bayramda tonqal başında
Sevirəm demək istədim
Göydə ulduzları izlədiyin vaxt
Sübh çağı avtobus gözlədiyin vaxt
Sənə sevirəm demək istədim
Bəhanə də gəzdim adi salamda
Gözün gözlərimə toxunan anda
Sənə sevirəm demək istədim
Beynimdə yüz cürə üsul axtarıb
Bir sevgi filmindən söz- söhbət salıb
Sənə sevirəm demək istədim
Amma hər fürsətdə dayandım,susdum
Sevirəm deməyə qorxdum,çox qorxdum
Çünki,damı uçuq kirayə evdə
Sevgi yağış sularından qorumur
Buz kimi otaqda yaş divarlara
Nə qədər sevirəm desən qurumur
Təbəssüm əskik olmayan üzündə
Kədər əskik olmaz deyə çəkindim
Yoxsul bir həyatın ağırlığını
Qaldıra bilməzsən deyə düşündüm
Bütün arzulara çatasan deyə
Ən böyük arzumu verdim əlimdən
Sənə həsrət qalmaq yolunu tutdum
Səni həsrət qoymaq istəmədim mən
Sonra birdəfəlik gözündən itdim
Sənə,sənə görə xəyanət etdim

Cərimə


  • Eşq olsun deputatxanama
    Haqq sözünü cərmələdi
    Bu təklifi verən qoçaq
    Padşaha xidmət elədi
    . . .
    Biraz da ağırlaşdırın
    Balaca bir qəzadı bu
    Sizə nifrət edənlərə
    Vallah yüngül cəzadı bu
    . . .
    Cibində YAP vəsiqəsi
    Olmayanı cərmələyin
    Bu rejimi sevməyəni
    Yerindəcə güllələyin
    . . .
    Yenə yığışıb açdılar
    Qanuna bir yekə dəlik
    Bizə şərt qoydu kişilər
    Ya pulunuz,ya köləlik
    . . .
    İlahi bu məmləkətdə
    Nə qədər yalan olarmış
    Yüz sifəti olanların
    Yüz qat cərməsi də varmış
    . . .
    Bu millətə açıq deyin
    Sizin məqsədiniz nədi?
    Onsuz da bu susqun millət
    İyirmi ildi cərmədədi
    . . .
    Azadlıq istədim deyə
    Mənə cəzamı kəsdiniz?
    Zəhmətimlə qazandığım
    Pulumamı göz dikdiniz?
    . .
    Ey, məni pulla qorxudan
    Gözündəki o, toru sil
    Mənim yeganə sərvətim
    Ləyaqətimdi,bunu bil.
    . .
    Bizə, pul cəzası verdiz
    Sizdə ən müqəddəs puldu
    Bizim üçün müqəddəs yol
    Azadlığa gedən yoldu

    Vardı

    Bizim bir neftimiz vardı
    Buruqları dağıdardı
    Milyonlardı,milyardlardı
    Həyəcan təbili çalır
    Azalır hər gün,azalır
    . . .
    Bizim torpağımız vardı
    O Qarabağ adlanardı
    Gözəl,cənnət bir diyardı
    İntizarına susuruq
    Hər gün biraz unuduruq
    . . 
    Bizim müəllimimiz vardı
    Bizə nümunə olardı
    Elm,savad yaradardı
    İndi o səs oğurlayır
    Seçkidə bilet doğrayır
    . . 
    Bizim əsgərimiz vardı
    Səngərdə ayıq durardı
    Vətənini qoruyardı
    İndi o torpağa dönür
    Atəşkəsdi,hər gün ölür
    . . .
    Bizim ziyalımız vardı
    Ürəklərə nur saçardı
    Bağlı qapılar açardı
    İndi o bağlı qapıdı
    İndi şahın məddahıdı
    . . .
    Bizim bir ölkəmiz vardı
    Nəyi getdi,nəyi qaldı
    Hər oğru biraz apardı
    O indi bizi səsləyir
    Xalqın sevgisin istəyir

    Sevmək günahdı

    Gülüm bu ölkədə sevmək günahdı
    Səni sevməmyə qərar vermişəm
    Gözlərim,əksini unutsun deyə
    Ürəyimə səndən böhtan demişəm
    . . 
    Gülüm bu ölkədə sevmək günahdı
    Bu ölkədə sevməməyə səbəb çox
    Sənin saf sevgini,zindan küncünə
    Məhkum eləməyə ixtiyarım yox
    . .
    Gülüm bu ölkədə sevmək günahdı
    Sənə gözəl həyat verə bilmərəm
    Səni ehtiyacsız yaşatmaq üçün
    Mən gərək oğruya,yaltağa dönəm
    . . 
    Gülüm bu ölkədə sevmək günahdı
    Burda ucuzdu sevginin qiyməti
    Nə qədər sevgidən şer yazan var
    Əyilə-əyilə satıb milləti
    . . 
    Gülüm bu ölkədə sevmək günahdı
    Burda həqiqəti yalan doğrayıb
    Burda hamı ürək axtarışında
    Burda ürəkləri,dərd oğurlayıb

    İnkişafmış bilməmişəm

    Haqlını zindana salmaq
    İnkişafmış bilməmişəm
    Dollarla deputat olmaq
    İnkişafmış bilməmişəm
    . . .
    Kimsə çəkməz bu zülümü
    İçim,gəmirir çölümü
    Gündə bir əsgər ölümü
    İnkişafmış bilməmişəm
    . . .
    Bütün dillər olubdu lal
    Oğruya çəkilir sığal
    İmtahanda 150 bal
    İnkişafmış bilməmişəm
    . . .
    Rihannanın dik sinəsi
    Şakiranın zənguləsi
    Ceniferin yan hissəsi
    İnkişafmış bilməmişəm
    . .
    Dincəl qoca millət dincəl
    Ayaq getmir,tutulub əl
    Rekord sayda muzey,heykəl
    İnkişafmış bilməmişəm
    . . .
    Arzular yük olub cana
    Hərə üz tutub bir yana
    Xəstə qaçırsa İrana
    İnkişafmış bilməmişəm
    . .
    Necə deməyim bunları
    Orta ömür olub yarı
    On minlik qul bazarları
    İnkişafmış bilməmişəm
    . . .
    Ölkə olub alqı-satqı
    Azad sözə yekə basqı
    Doxsan manat əmək haqqı
    İnkişafmış bilməmişəm
    . . .
    Ziyalısı olub yaltaq
    Qəhrəmanı olub qorxaq
    20 faiz girov torpaq
    İnkişafmış bilməmişəm
    . .
    Bölünüb millətin payı
    Div kəsibdi axan çayı
    Doğuşdan çox abort sayı
    İnkişafmış bilməmişəm
    . .
    Hakimin puç ədaləti
    Həkimin pulla xidməti
    Məmurun vampir xisləti
    İnkişafmış bilməmişəm
    . .
    Rüşvəti xitə çevirmək
    Əsgəri bitə çevirmək
    Polisi itə çevirmək
    İnkişafmış bilməmişəm
    . .
    Hər şey olub açıq-aşkar
    Görən kordur,eşidən kar
    Hər il yüzlərlə intihar
    İnkişafmış bilməmişəm
    . .
    Çoxdur cavabsız suallar
    Yanına düşübdü qollar
    Tikilməmiş,uçan yollar
    İnkişafmış bilməmişəm
    . .
    Kasıb qoyun kimi mələr
    Mədəsin qarnına bələr
    Ali təhsilli fəhlələr
    İnkişafmış bilməmişəm
    . .
    Yetimin durub ürəyi
    Adam var tapmır çörəyi
    Ən uca bayraq dirəyi
    İnkişafmış bilməmişəm
    . .
    Şirintək yedik acını
    Unutduq doğma,yaxını
    Xaricə kişi axını
    İnkişafmış bilməmişəm
    . .
    Haram yolla şahlıq qurmaq
    Halalın boynunu vurmaq
    Kasıbın evin uçurmaq
    İnkişafmış bilməmişəm
    . .
    Sərvətin üstünə yatmaq
    Millətin başına çıxmaq
    Avropada kürü satmaq
    İnkişafmış bilməmişəm

    Daha Yeni Kayıtlar Önceki Kayıtlar